İyunun 10-da səhər saat 06:30 radələrindən başlayaraq 20 dəqiqə davam edən leysan yağışı Tovuzda bir sıra fəsadlar törədib.
YeniAvropa xəbər verir ki, bu haqda Tovuz rayon fövqəladə hallar komissiyasından bildiriblər. Məlumatda qeyd edilib ki, leysan əsasən rayon mərkəzinə düşüb. Yağışın nəticəsində piyada və avtomobil keçidlərinə su dolub. Avtomobil keçidində qalan bir nəqliyyat vasitəsi oradan çıxarılıb. Rayon mərkəzinin bəzi istiqamətlərinə elektrik enerjisinin verilməsi dayandırılıb.
Bəzi yaşayış yerləri və ticarət obyektlərinin zirzəmilərinə su dolub.
Hazırda leysanın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür.
Leysan yağışı rayon mərkəzinə düşdüyü üçün kənd təsərrüfatına ciddi ziyan dəyməyib.