Ötən gün axşam Zaqatala ərazisində baş vermiş zəlzələnin nəticələri ilə tanış olmaq məqsədilə bu gün bura gəlmişik. Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi ilə zəlzələnin episentrində yerləşən kəndlərdə olduq, evlərə, həyətlərə baxdıq. Demək olar ki, elə bir güclü dağıntı, fəsad yoxdur. Sadəcə, əvvəldən çatları olan bəzi köhnə tikililərdə çatlar bir az genişlənib. Tikinti normalarına uyğun olmayan, keyfiyyətsiz materiallar ilə tikilmiş bir neçə hasar, divar dağılıb.
YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli məlumat verib.
O qeyd edib ki, 2012-ci ildə bölgədə baş vermiş zəlzələ ilə indiki arasında çox böyük fərq var. Əvvəlki zəlzələdə böyük dağıntılar var idi. Budəfəki zəlzələdə isə xoşbəxtlikdən tələfat və dağıntı yoxdur. Zəlzələnin gücü 5-6 bal arasında olub.
Seysmoloji Xidmət Mərkəzinin rəhbərinin məlumatına görə, zəlzələ ocağında maqnitudası zəif olan xırda təkanlar davam etməkdədir. İndiyədək 100-dək afterşok qeydə alınıb. “Əhalinin narahatlığına heç bir əsas yoxdur. Güclü dağıdıcı zəlzələnin baş vermə ehtimalı yoxdur. Ancaq hiss olunan təkanlar ola bilər”, - deyə Qurban Yetirmişli bildirib.