Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-dən YeniAvropa-ya bildiriblər ki, müraciətdə Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsinin xeyli artdığı qeyd olunub. Buna görə də təhlükəsizlik qaydalarına dəqiq əməl edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Həmçinin qeyd olunub ki, evlərdə və şənliklərin keçirildiyi məkanlarda bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalıdır. İşıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli, ağac tezalışan oyuncaqla bəzədilməməli, qapalı məkanda atəşfəşanlıq edilməməlidir. Bayram şənliyi ikinci mərtəbədən yuxarıda keçirilməməli, şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı, pəncərədə dəmir barmaqlıq olmamalı, məkanın iki çıxışı olmalı, ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalıdır. Eləcə də otağın qapıları mütləq bayıra açılmalı, məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı, şənlikdə işıq tam söndürülməməli, tezalışan materialdan paltar geyinilməməli, məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir.
“Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin”,-deyə müraciətdə vurğulanıb.