logo

Göyçay çayı üzərindən nəqliyyatın hərəkəti bir həftəyə bərpa ediləcək

17:53 03-06-2018 | icon 2240
Göyçay çayı üzərindən nəqliyyatın hərəkəti bir həftəyə bərpa ediləcək

Göyçay çayına gələn güclü sel nəticəsində dağılaraq yararsız hala düşən avtomobil körpüsünün bərpası üçün işlərə sabahdan başlanılacaq.

YeniAvropa xəbər verir  ki, bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mühəndisi Urfan Mütəllimov  jurnalistlərlə söhbətində deyib. Onun sözlərinə görə iyunun 3-də agentliyin sədri Saleh Məmmədov və mütəxəssisləri dağılmış körpüyə baxış keçiriblər. Onun yerində yeni körpünün, bir qədər aralıda isə alternativ körpünün tikintisi ilə bağlı məsləhətləşmələr aparılıb. Saleh Məmmədov çayda suyun səviyyəsi aşağı düşəndən sonra ərazidə inşaat işlərinə başlamaqla bağlı göstəriş verib.

Hazırda çayda suyun səviyyəsi azalmağa doğru gedir. İlk növbədə, çayda suyun axın istiqamətinin dəyişdirilməsi, yəni, suyun kənardan mərkəzə yönəldilməsi üçün tədbirlər görüləcək. Bu məqsədlə axşam saatlarında Göyçaya əlavə texnikalar gətiriləcək. Sonra isə beton borular üzərində müvəqqəti olaraq alternativ körpü inşa etməklə nəqliyyatın hərəkəti bərpa olunacaq. Alternativ körpünün tikintisi bir həftə ərzində başa çatdırılacaq. Bu müddət ərzində sürücülər Göyçay-Ucar yolundan istifadə etməklə rayon mərkəzinə gedə bilərlər. Hazırda isə əhalinin Göyçay çayı üzərindən piyada keçidinin təmin olunması üçün şəhərin şimalındakı köhnə asma körpüdə təmir-bərpa işləri aparılır və orada insanların təhlükəsiz hərəkəti üçün şərait yaradılır. Çayın hər iki tərəfində sərnişin avtobuslarının həmin asma piyada körpüsünədək gedişi təmin olunur.

Urfan Mütəllimov qeyd edib ki, selin təsiri nəticəsində uzunluğu 76 metr, eni 11,5 metr olan avtomobil körpüsünün 15 metrlik hissəsi dağılıb, qalan hissəsi möhkəmdir və bərpa edilə bilər. “Mütəxəssislər körpüyə baxış keçirdikdən sonra qərara gəliblər ki, onun altındakı dəmir-beton dayaqların dağılmaq ehtimalı yoxdur, orada müəyyən bərpa və bərkitmə işləri görüləndən sonra həmin körpünü yenidən qurmaq olar. Körpünün sol tərəfindəki çaysahili torpaq qatının selin təsiri nəticəsində dağılmasının qarşısının alınması üçün beton bənd tikiləcək, bərkitmə işləri görüləcək. Körpünün inşası işləri bir neçə aya başa çatdırılacaq”, - deyə o, əlavə edib.