logo

Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti dayandırılıb

17:46 02-06-2018 | icon 2247
Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti dayandırılıb

İyunun 1-də axşam saatlarından başlayaraq Göyçay, İsmayıllı, Qəbələ rayonlarına yağan güclü leysan yağışından sonra Göyçay çayına sel gəlib, suyun səviyyəsi dəfələrlə artıb. Nəticədə çay üzərindəki avtomobil körpüsündə təhlükəli vəziyyət yaranıb.

YeniAvropa xəbər verir  ki, Göyçay çayı üzərindəki avtomobil körpüsünün dağılmaq təhlükəsi olduğundan Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti dayandırılıb. Nəticədə yüzlərlə avtomobil yolda qalıb.

Qeyd edək ki, çayda suyun çoxluğu səbəbindən Göyçay şəhəri, Cəyirli, Potu, Çərəkə və başqa kəndlərin sakinləri üçün təhlükə yaranıb. Sel suları çay yatağının genişlənməsinə səbəb olub, ətrafdakı torpaq qatını yuyaraq aparıb, əkin sahələri, meyvə bağları yararsız hala düşüb.

Sel suları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindəki piyada körpüsünə də ciddi ziyan vurub. Bu gün saat 13 radələrində selin təsiri nəticəsində çayın üzərindəki iki beton dayaqlı piyada körpüsü dağılaraq yararsız hala düşüb. Körpünün altındakı beton plitələri və mühafizə bəndini sel yuyaraq aparıb. Hazırda güclü sel davam edir.