İsmayıllıda iyunun 1-dən axşamüstü başlayan və bu saatlaradək hələ də davam edən güclü küləklə müşayiət olunan leysan yağışları bir sıra fəsadlar törədib.
YeniAvropa rayon fövqəladə hallar komissiyasına istinadla bildirir ki, İsmayıllıda elektrik, yol və kənd təsərrüfatına, habelə fərdi təsərrüfatlara ciddi ziyan dəyib. Belə ki, güclü külək və leysan yağışları 6 fərdi yaşayış evində, 5 yardımçı tikilidə və 2 sahibkarlıq obyektində dağıntılar törədib. Habelə 1 ədəd “VAZ 21099” markalı avtomobilin üzərinə ağac aşıb. İki vətəndaşa məxsus daş hasar uçub. Diyallı kənd mədəniyyət evinin 600 kvadratmetrlik dam örtüyü tamamilə dağılıb, nəticədə iki məcburi köçkün ailəsi çətin vəziyyətə düşüb, onların əmlaklarına ziyan dəyib.
Lahıca gedən yolda dağ uçqunu nəticəsində qəsəbə ilə avtomobil əlaqəsi kəsilib. İsmayıllı şəhərinin bəzi məhəllələrində və 19 kənddə elektrik verilişində problemlər yaranıb.
Dağ çaylarında sel sularının artması ilə əlaqədar Sulut və Kəlbənd kəndlərinə gediş-gəlişdə məhdudiyyət yaranıb. Talıstan və Mücü kəndlərinin su təsərrüfatına ziyan dəyib. Sel-suları nəticəsində kənddaxili yollarda da dağıntılar olub.
İyunun 2-də günorta saatlarınadək əksər ərazilərdə elektrik enerjisinin verilişi bərpa edilib. Hazırda təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.