Bakı və Sumqayıtda bayramla əlaqədar kənd təsərrüfatı məhsulları yarmarkaları açılacaq
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Bakı və Sumqayıtda kənd təsərrüfatı məhsulları yarmarkaları açılacaq.
Kənd Təsərrüfatı Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, Bakı və Sumqayıt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədilə dekabrın 28-dən 31-dək fasiləsiz olaraq kənd təsərrüfatı məhsullarının satış-yarmarkaları keçiriləcək.
Yarmarkalar paytaxtın Xətai (Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı), Nərimanov (Keşlə bazarının ərazisi), Səbail (Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin arxası), Suraxanı (Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin yanı) və Binəqədi rayonlarında (Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı), həmçinin Sumqayıt şəhərində (12-ci mikrorayon və köhnə avtovağzalın yanı) təşkil olunacaq.
Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunacaq və satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin ediləcək.