Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Aşağı Tala kənd sakini, əvvəllər məhkum olunmuş Nail Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1,9 qram, yaşadığı evdən isə 115 qram marixuana aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, polis əməkdaşları onun narkotiki əldə etdiyi mənbəni də müəyyənləşdiriblər. Narkotik vasitəni N.Hüseynova satmaqda şübhəli bilinən şəxsin saxlanılması zamanı o, idarə etdiyi “VAZ-2106” markalı avtomobili polis əməkdaşının idarə etdiyi avtomobilə vurub. Lakin onun bütün cəhdlərinə baxmayaraq, polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs saxlanılıb.
Araşdırmalarla onun Mahamalar kənd sakini Fərrux Xəlilov olduğu müəyyən edilib. Axtarış zamanı ondan çəkisi 1 kiloqrama yaxın narkotik vasitə - üzərindən 10 qram, avtomobilindən 557 qram, evindən isə 345 qram marixuana götürülüb.
Faktla bağlı araşdırma aparılır.