Prezident İlham Əliyev mayın 31-də İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. YeniAvropa xəbər verir ki, sərəncamda bildirilir ki, 2018-ci ilin iyun ayında Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, görkəmli nasir və ssenarist, xalq yazıçısı İsa Muğannanın (İsa Mustafa oğlu Hüseynovun) anadan olmasının 90 illiyi tamam olur.
Müasir Azərbaycan nəsrinin əsaslı surətdə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı İsa Muğanna mədəni-mənəvi dəyərlərin qorunması naminə altmış ildən artıq müddət ərzində ədəbi prosesə istiqamət verən rəngarəng mövzulu əsərlər yaratmış və xalqın çoxəsrlik bədii-mədəni fikir xəzinəsini daha da zənginləşdirmişdir. Ədibin yaradıcılığı bütövlükdə ana dilinə həssas yanaşmanın və onun poetik imkanlarından yüksək sənətkarlıqla bəhrələnmənin qiymətli nümunəsidir. İsa Muğanna tarixi gerçəkliklərin obrazlı təcəssümünə çevrilmiş və Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuş bir çox filmin ssenari müəllifi kimi də tanınırdı.
Azərbaycan ədəbiyyatının və kino sənətinin inkişafında təqdirəlayiq xidmətlər göstərmiş görkəmli yazıçı İsa Muğannanın 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq yazıçısı İsa Muğannanın 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.