Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Cenevrə şəhərində (İsveçrə Konfederasiyası) Beynəlxalq Əmək Konfransının 107-ci sessiyası keçirilir. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Nazirlikdən YeniAvropa-ya verilən məlumata əsasən, nümayəndə heyətinə nazirliklə yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxsləri daxildir.
Sessiyanın gündəliyinə BƏT-in Baş direktoru və İdarə Heyətinin sədri tərəfindən məruzələrin, Konvensiya və Tövsiyələrin tətbiqi ilə bağlı məlumat və hesabatların təqdim olunması, Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı BƏT-lə səmərəli əməkdaşlığın həyata keçirilməsinə dair əsas müzakirələrin aparılması və s. daxildir. 2008-ci ildə qəbul edilmiş “Dürüst qloballaşma naminə sosial ədalət” adlı BƏT-in Bəyannaməsinə əsasən sosial dialoqun və tripartizmin strateji hədəflərinə dair sessiyada təkrar müzakirələrin aparılması da nəzərdə tutulur.