logo

İyunun 27-də keçiriləcək hərraca 114 dövlət əmlakı çıxarılıb

19:48 30-05-2018 | icon 2800
İyunun 27-də keçiriləcək hərraca 114 dövlət əmlakı çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən iyunun 27-də keçiriləcək hərracda investorlar üçün dövlət əmlaklarının müxtəlif növləri üzrə geniş seçim imkanı mövcuddur. Ümumilikdə hərrac vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının sayı 114-dür. Bunlardan 24-ü səhmdar cəmiyyət, 23-ü qeyri-yaşayış sahəsi, 31-i kiçik dövlət müəssisə və obyektləri, 36-sı isə nəqliyyat vasitəsidir.

Komitədən YeniAvropa-ya bildirilib ki, hərracda iştirak etmək üçün əlavə vaxt itkisinə və olduğunuz məkanı dəyişməyə ehtiyac qalmır. Belə ki, ƏMDK dövlət əmlakının hərraclar vasitəsilə özəlləşdirilməsi prosesini sadələşdirilmiş, rahat və şəffaf formada hər kəsə təklif edir. Hərrac prosesində iştirak etmək istəyən bütün şəxslər onlayn şəkildə “emdk.gov.az”, “privatization.az” saytına və “Elektron hökumət” portalına daxil olmaqla seçdikləri əmlakın sifarişçisinə çevrilib hərracda iştirak edə bilər.

İrihəcmli investisiyalar təmir-tikinti, sənaye, aqrar, nəqliyyat sahələri ilə bağlı təklif olunan səhmdar cəmiyyətlər arasından seçim edilərək böyük biznes layihələrinə cəlb oluna bilər. Səhmdar cəmiyyətlər paytaxtla yanaşı, Salyan, Sabirabad, Yevlax və digər bölgələrdə yuxarı gəlir mənbəyinə çevrilə bilər. Yevlax şəhərində 2 nəqliyyat, 2 təmir-tikinti, 1 sənaye sahəsinə aid səhmdar cəmiyyət təklif olunur. Qax şəhərində yerləşən “Qax Taxıl”, Abşeron rayonu, Masazır kəndində yerləşən “Masazır quşçuluq” kimi səhmdar cəmiyyətlərin özəlləşdirilməsi, aqrar sahənin inkişafına dəstək olmaqla yanaşı, investora yüksək gəlirlər gətirə bilər.

Kiçik və orta sahibkarlıqla məşğul olmaq istəyənlərin planlarını həyata keçirmək şansları bu hərracda da yüksəkdir. Belə ki, onlar kiçik dövlət müəssisə və obyektləri, eləcə də qeyri-yaşayış sahələrinə investisiya edərək məişət, iaşə, qida, toxuculuq və digər xidmət sahələri üzrə biznes sahibi ola bilərlər. Hərraca çıxarılan iaşə və xidmət obyektlərinə Astarada yerləşən “Azərbaycan” kinoteatrı, Bakıda yerləşən “Aydınlıq” şadlıq evi və digər dövlət əmlakları daxildir. Kiçik dövlət müəssisə və obyektlərindən 11-i Bakıda, 20-si isə bölgələrdə yerləşir.

Özəlləşdirilməyə çıxarılmış qeyri-yaşayış sahələrinin isə 21-i Bakıda, digər 2-si Gəncə və Mingəçevirdə yerləşir. Ümumi faydalı sahəsi 14.7 kvadratmetr ilə 179.1 kvadratmetr aralığında dəyişən belə qeyri-yaşayış sahələrinin 17-si bina zirzəmisi, 6-sı binanın bir hissəsi, 1-i ayrı tikili formasındadır.

Avtomobil almaq arzusunda olan şəxslər təklif olunan əmlaklarla tanış olaraq hərracda iştirak edə bilər. Hərraca çıxarılan müxtəlif markalı 2008-ci və 2009-cu illərdə istehsal olunmuş, ilkin qiyməti 8500-12973 manat intervalında olan nəqliyyat vasitələri hər bir şəxsə unikal seçim etmək imkanı yaradır.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarlıqla məşğul olmaq arzusunda olan şəxsləri, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi özəlləşdirmədə fəal iştirak etməyə dəvət edir.