İlham Əliyev XXV yubiley Beynəlxalq “Xəzər Neft və Qaz-2018” sərgisi ilə tanış olub
Mayın 29-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində XXV yubiley Beynəlxalq “Xəzər Neft və Qaz-2018” sərgisi ilə tanış olublar.
YeniAvropa xəbər verir ki, dövlət başçısına və xanımına sərgi barədə məlumat verilib. Qeyd edilib ki, bu il “Xəzər Neft və Qaz” sərgisinin yubileyi sərginin keçirildiyi ilk gündən bu tədbiri dəstəkləyən və onun təşəbbüskarı olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə təsadüf edir. Birinci sərgi 1994-cü ildə, elə həmin ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsinin əsas istiqamətlərini müəyyən edən və ölkəmizin neft tarixində yeni səhifə açan “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilib. O vaxtdan etibarən “Xəzər Neft və Qaz” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü, əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı platformaya çevrilib. Ötən dövrdə sərgilərdə dünyanın 70-dən çox ölkəsini təmsil edən təxminən 7500 şirkət iştirak edib. Hər il sərginin açılış mərasimində Prezident İlham Əliyevin iştirak etməsi bu beynəlxalq tədbirin yüksək statusunu bir daha təsdiq edir.
Builki sərgidə 38 ölkədən 312 neft-qaz şirkəti iştirak edir. Belarus, İtaliya və Rusiya tədbirdə milli qruplarla təmsil olunur.