Daxili işlər orqanlarının əməkdaşları əllərdə qanunsuz olaraq və gizlədilən odlu silah-sursatın aşkarlanması məqsədilə növbəti əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinə Yasamal rayon sakini, əvvəllər məhkum edilmiş Nadir Qurbanovda odlu silah olması, həmin silahı Nardaran qalasında gizlətməsi barədə məlumat daxil olub.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Hal şahidlərinin iştirakı ilə həmin yerə baxış keçirilən zaman oradan bir ədəd “Makarov” markalı tapança və içərisində 7 patron olan daraq aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində həmin silah-sursatın ona məxsus olduğunu etiraf edib.
Faktla bağlı 42-ci polis bölməsində toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.