logo

Üç minədək könüllü Yeni il bayramını Bakı İdman Sarayında birlikdə qeyd edib

20:02 24-12-2017 | icon 2149
Üç minədək könüllü Yeni il bayramını Bakı İdman Sarayında birlikdə qeyd edib

Dekabrın 24-də Bakı İdman Sarayında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə könüllülərin iştirakı ilə kütləvi şənlik keçirilib.

YeniAvropa xəbər verir ki, tədbirdə idman ictimaiyyətinin nümayəndələri və könüllü gənclər iştirak ediblər.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilən bayram şənliyinin məqsədi təşkilatçılarla könüllülər arasında əməkdaşlığı daha da möhkəmləndirməkdir.

Tədbirdə son illər ölkəmizdə çoxminli vətənpərvər könüllü ordusunun formalaşdığı vurğulanıb. Bildirilib ki, könüllülərin mötəbər yarışlar, xüsusilə birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 Azərbaycan Qran-Prisi yarışları zamanı fəaliyyətləri təqdirəlayiqdir.

Gənclər və İdman Nazirliyinin nəzdindəki Tədbir Əməliyyat Komitəsinin baş direktoru Elçin Səfərov jurnalistlərə müsahibəsində deyib: “IV İslam Həmrəyliyi Oyunlarından altı ay keçməsinə baxmayaraq, biz könüllülərlə həm sosial mediada, həm sayt və həm də digər vasitələrlə davamlı ünsiyyətdə idik. Aramızdakı əməkdaşlıq yalnız beynəlxalq yarışlar, Oyunlar zamanı deyil, uzun müddətlidir. Ölkəmizdə keçirilən bu yarışlar başa çatsa da, hələ də könüllülərlə əlaqəni kəsmirik. Bugünkü tədbirin keçirilməsində məqsədimiz könüllülərlə yenidən görüşmək, bir araya gəlməkdir. Digər məqsədimiz isə gələcəkdə keçiriləcək mötəbər tədbirlər barədə könüllülərin fikrini öyrənməkdir”.

Elçin Səfərov qeyd edib ki, bugünkü tədbirdə iştirak etmək üçün həm “Bakı-2015”in, həm IV İslam Həmrəyliyi Oyunlarının, həm də Formula-1 Azərbaycan Qran-Prisi yarışları zamanı qeydiyyatdan keçmiş könüllülərdən təxminən üç mini bir məkana toplaşıb. “Hazırda biz onlarla birlikdə Yeni il şənliyini keçiririk. Könüllülər bu dəvətimizi də müsbət cavablandırdılar. Ümidvaram ki, onlar bugünkü tədbirdə həm mənalı istirahət edəcək, həm də fikirlərini bölüşəcəklər. Maraqlıdır ki, bugünkü tədbirin bütün təşkilatı məsələlərini könüllülər özləri həll ediblər. Biz sadəcə müşahidəçiyik”, - deyə Elçin Səfərov vurğulayıb.

Baş direktor bütün könüllüləri qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbrik edib, onlara yeni 2018–ci ildə təhsildə uğurlar, xoş anlar, sağlam həyat arzulayıb. Qeyd edib ki, Əməliyyat Komitəsi gələcəkdə də onların həyatına rəngarənglik qatacaq yeni və maraqlı tədbirlərin keçirilməsinə çalışacaq.

Bayram şənliyində könüllülər arasında müxtəlif viktorinalar, yarışlar, müsabiqələr təşkil olunub. Gənclər birlikdə əylənib, rəqs ediblər.