logo

Leysan yağışlar İsmayıllıda 60 kəndi işıqsız, 7 kəndi qazsız qoyub

13:27 27-05-2018 | icon 2296
Leysan yağışlar İsmayıllıda 60 kəndi işıqsız, 7 kəndi qazsız qoyub

Ötən gecədən başlayaraq səhərədək İsmayıllı rayonunda güclü küləklə müşahidə edilən leysan yağıb. Yağışdan sonra əmələ gələn sel suları və külək təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.

YeniAvropa xəbər verir  ki,  təbii fəlakət zamanı İsmayıllı şəhərində və kəndlərdə sosial obyektlərin dam örtüyü qopub, meyvə ağacları, elektrik dirəkləri aşıb, meyvə-tərəvəz və taxıl tələf olub. Rayonda elektrik naqilləri qırılıb, əhaliyə elektrik enerjisinin verilişi dayandırılıb. Küləyin təsiri nəticəsində dam örtüyü dağılan evlərdəki əşyalar yağış suyunun altında qalıb. Ümumilikdə rayonun 60 kəndinə elektrik enerjisinin verilişi kəsilib. Həmçinin 7 kəndi təbii qazla təmin edən magistral qaz borusunun Ax-Ox çayı üzərindən keçən hissəsi selin təsiri nəticəsində yararsız hala düşüb və əhalinin qaz təchizatı dayandırılıb. Hazırda rayonda güclü yağış yağdığı üçün qaz xəttini bərpa etmək mümkün olmur.

Bundan əlavə, ötən gecə çobanlar iri və xırdabuynuzlu heyvanları Girdiman çayından keçirərkən qəflətən gələn güclü sel nəticəsində 50 baş heyvan tələf olub. Dörd çoban, “QAZ-66” markalı minik maşını və 400-ə yaxın qoyun və inək çayın ortasındakı boş torpaq sahəsində köməksiz vəziyyətdə qalıb. Gecə saatlarında İsmayıllı rayon fövqəladə hallar komissiyası və rayon polis şöbəsinin əməkdaşları tərəfindən əraziyə texnika və canlı qüvvə cəlb edilib, səhər saatlarında insanlar və heyvanlar xilas olunub.

Təbii fəlakət zamanı rayona dəyən ziyanın miqdarı dəqiqləşdirilir.