logo

Ötən 13 ildə Bakı–Tbilisi–Ceyhan kəməri ilə 3 milyard barrelədək neft göndərilib

16:51 26-05-2018 | icon 2639
Ötən 13 ildə Bakı–Tbilisi–Ceyhan kəməri ilə 3 milyard barrelədək neft göndərilib

Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinə ilk neftin vurulmasından 13 il ötür. YeniAvropa xəbər verir  ki, “Üç dənizin əfsanəsi” adlandırılan və minilliyin ən böyük neft ixracı marşrutlarından sayılan Bakı-Tbilisi-Ceyhan haqqında deyilən və geniş məkan mənasında işlədilən qlobal layihə sözü ötən müddətdə artıq öz təsdiqini tapıb.  indiyədək BTC vasitəsilə 3 milyard barrelədək neft göndərilib. 

BTC ilə Türkmənistan və Qazaxıstanla yanaşı, Rusiya nefti də nəql olunur

Bu ilin yanvar-mart aylarında BTC vasitəsilə təqribən 63 milyon ton (8,3 milyon barrel) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 81 tankerə yüklənib. 2006-cı ilin iyunundan cari ilin birinci rübünün sonunadək BTC ilə ümumilikdə 391 milyon tondan çox, yəni təxminən 2,93 milyard barrel xam neft nəql olunub. Həmin neft Ceyhan limanında 3 min 839 tankerə yüklənərək dünya bazarına göndərilib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur. Birinci rübdə BTC üzrə əməliyyat xərclərinə təqribən 30 milyon dollar, əsaslı xərclərə isə 5 milyon dollar sərf edilib.

Cari ilin ilk dörd ayında isə Azərbaycandakı magistral neft kəmərləri ilə neft nəql olunan 13 milyon 349,8 min ton neftin 81,4 faizi BTC ilə həyata keçirilib. Yanvar-aprel ayları ərzində bu kəmər vasitəsilə 10 milyon 861,6 min ton neft ötürülüb. Dörd ayda BTC ilə 2 milyon 9 min ton tranzit neft də nəql edilib.

Hazırda “BTC Ko.”nun səhmdarları belədir: BP (30,1 faiz), “AzBTC” (25 faiz), “Chevron” (8,9 faiz), “Equinor” (əvvəlki “Statoil”) (8,71 faiz), TPAO (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ExxonMobil” (2,5 faiz) və “ONGC (BTC) Limited” (2,36 faiz).

Boru kəmərinin istismar müddəti 40 ildir və onunla ildə 60 milyon ton neft nəql etmək mümkündür

Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizinin fəaliyyəti sayəsində Azərbaycan neftinin beynəlxalq bazarlara genişmiqyaslı nəqli və ölkədə çoxvariantlı ixrac strategiyasının həyata keçirilməsi üçün əlverişli imkan yarandı, eyni zamanda, ölkənin tranzit potensialı bir neçə dəfə artdı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri “Əsrin müqaviləsi” çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunan xam neftin dünya bazarına çıxışını təmin etmək üçün inşa edilmiş boru nəqliyyat vasitəsidir. Kəmərin uzunluğu 1768 kilometrdir. Respublikamızın 13 rayonundan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan keçən kəmərin Azərbaycan hissəsinin uzunluğu 443 kilometrdir. Qalan 248 kilometr Gürcüstanın, 1076 kilometr isə Türkiyənin ərazisindən keçir.

Boru kəmərinin Azərbaycan və Gürcüstanda yerləşən hissələrinin operatoru “BTC Ko.”nun səhmdarları adından BP, Türkiyədə yerləşən hissəsinin operatoru isə “Botaş International Limited” şirkətləridir. Kəmərin diametri Azərbaycanda və Türkiyədə, əsasən 42 düyümlükdür. Gürcüstan ərazisində kəmər 46 düyümlük borularla çəkilib. Türkiyədə Ceyhan dəniz terminalına enən axırıncı eniş boyu hissədə isə 34 düyümlüyədək azalır. Boru kəməri 1500-dən artıq çayla və 13 seysmik qırılma xətti ilə kəsişir. Kəmərin ən yüksək nöqtəsi 2 min 800 metr olan dağlardan keçdiyi yerdir ki, bundan sonra o, Ceyhanda yenidən dəniz səviyyəsinə enir. Kəmərin istismar müddəti 40 il, orta ötürücülük qabiliyyəti isə sutkada 1,2 milyon barrel nəzərdə tutulub. Səngəçal terminalından Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uzanan kəmərin çəkilməsinə təxminən 4,5 milyard dollar vəsait xərclənib. Hazırda kəmər vasitəsilə ildə 60 milyon ton neft nəql etmək mümkündür. Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və bütövlükdə bölgə, Avropa və ümumən dünya üçün iqtisadi və siyasi baxımdan, eləcə də enerji təhlükəsizliyi cəhətdən çox böyük əhəmiyyətə malik olmaqla yanaşı, Türkiyənin Qara dəniz boğazlarının həddən artıq yüklənməsinin də qarşısını alıb.

Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirib, dövlətimizi Cənubi Qafqazın liderinə çevirib. Bu gün ulu öndər Heydər Əliyevin adını daşıyan BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihədir. BTC mühüm texniki-iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, həm də böyük siyasi məzmun kəsb edir. Belə ki, bu kəmər dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verib, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaradıb.