logo

Sabahdan Azərbaycanda ov mövsümü başlayır

12:44 25-05-2018 | icon 2464
Sabahdan Azərbaycanda ov mövsümü başlayır

Mayın 25-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində ov qaydalarının, ov yerlərinin açıqlanmasına həsr edilmiş mətbuat konfransı keçirilib.YeniAvropa xəbər verir  ki, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bildirib ki, mayın 26-da ov mövsümünə start veriləcək və martın 16-na kimi davam edəcək. İlk olaraq cütdırnaqlılardan Dağıstan turunun ovuna icazə veriləcək. Onun ovlanması oktyabrın 13-dək mümkün olacaq. Ovçuluğa şənbə və bazar günlərində icazə veriləcək. Ovçular ovçuluq təsərrüfatı sahələri və nazirliyin müəyyən etdiyi ərazilərdə ov edə bilərlər.

“Azərbaycanda 12 ovçuluq təsərrüfatı var və 215 min hektar ərazini əhatə edir. Yalnız ovçuluq bileti olan şəxslərə heyvanların ovlanmasına icazə verilir. Ovçuluq bileti almaq üçün test imtahanından uğurla keçmək lazımdır. İmtahanda iştirak edənlərin silahla davranmaq qaydası, Azərbaycan qanunvericiliyi, fauna növləri haqqında bilikləri yoxlanılır. Ovçuluq vəsiqəsini yalnız nazirlik vermir. Artıq 2014-cü ildən etibarən Xüsusi Dövlət Mühafizə Xidmətinin Hərbi Ovçuluq İttifaqı da insanlara ovçuluq bileti verir və onların biletini alan şəxslər də ovçu sayılırlar. Bəzi ovçular vaxtilə qanunvericilik dəyişməzdən qabaq “Azərovçu” İctimai Birliyindən bilet alıblar. Lakin həmin biletlər bu gün qüvvədə deyil. Hazırda Azərbaycanda təxminən 20-25 min ovçu var.

Bundan əlavə, xarici ölkə vətəndaşlarının da ovla məşğul olmasını tənzimləmək üçün qaydalar tətbiq olunur. Ancaq xarici ovçu da qanunlara əməl etməlidir. Biz çalışacağıq ki, xarici vətəndaşlarla işləyən şirkətlər onların maariflənməsini təşkil etsinlər”, - deyə H.Əlizadə qeyd edib.

Direktor müavini qoruq ərazilərində ov etməyin qadağan olduğunu və qanunsuz ovçuluqla məşğul olanlara qarşı sərt tədbirlər görüləcəyini də diqqətə çatdırıb. O vurğulayıb ki, qoruqlarla yanaşı, Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və sərhədyanı rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitar-mühafizə zonalarında da ov qadağan edilib.

Direktor müavini ovçuluğun qadağan edilməsi məsələlərinə də toxunaraq deyib: “Naxçıvan Muxtar Respublikasında ov fəaliyyəti qadağan edilib və müsbət nəticələr əldə edilib. Biz gələcəkdə Azərbaycan ərazisində ov fəaliyyətinin məhdudlaşdırılmasında maraqlıyıq. Lakin biz bu məsələdə qismən yerli ovçuların, turistlərin maraqlarını da nəzərə alırıq”.

H.Əlizadə mətbuat konfransında 2017-ci ildə və bu ilin 4 ayı ərzində qanunsuz ovla məşğul olan 300-ə qədər Azərbaycan vətəndaşının saxlanıldığını deyib. O qeyd edib ki, bu ilin 3 ayında qanunsuz ovla məşğul olan 7 əcnəbi barəsində qanunvericiliyin tələblərinə uyğun akt və protokol tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, hər biri 2000 manat olmaqla cərimələnib. Əcnəbilər əsasən ərəb ölkələrinin vətəndaşlarıdır.

“Biz cərimələrin bir qədər də sərtləşdirilməsinin tərəfdarıyıq. Bununla bağlı yeni qərar layihəsi hazırlanıb. Bəzi cərimələrin məbləğinin bir neçə dəfə, hətta 5 dəfə artırılması nəzərdə tutulur. Yeni qərarın yaxın aylarda təsdiqlənməsi üçün hazırda ciddi işlər görülür”, - deyə H.Əlizadə vurğulayıb.

Sonda kütləvi informasiya vasitələri nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.