Polis əməkdaşları narkotiklərlə mübarizə istiqamətində keçirdikləri tədbirlər nəticəsində külli miqdarda narkovasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş xeyli sayda narkotik tərkibli bitkilər aşkar edilərək götürüblər.
DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Ağababa Abbasovdan 430 qram marixuana aşkarlanıb.
Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Nərimankənd sakini Qədir Babayevdən narkotik vasitə olan marixuana götürülüb. Polis əməkdaşları onun narkotiki əldə etdiyi mənbəni də müəyyənləşdiriblər. Görülmüş tədbirlərlə narkovasitəni Q.Babayevə satmaqda şübhəli bilinən həmkəndlisi S.Əhmədov da saxlanılıb və ondan da marixuana götürülüb.
Davam etdirilən tədbirlərlə S.Əhmədovun narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğu da müəyyənləşib. Əməliyyat-axtarış tədbirləri ilə onun Həşimxanlı kəndi ərazisində aqrotexniki qaydada becərdiyi 41 çətənə kolu və 485 qram marixuana da götürülüb.
Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağtala kənd sakini Əlövsət Cəbiyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 109 çətənə kolu aşkar edilib.
Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb.