logo

Baş Prokurorluqdan Lerikdəki qanunsuz 75 ədəd ağac kəsimi barədə

13:37 23-05-2018 | icon 2345
Baş Prokurorluqdan Lerikdəki qanunsuz 75 ədəd ağac kəsimi barədə

Ekoloji mühitə ziyan vurulması, ağaclar və digər yaşıllıqların qanunsuz kəsilməsi, həmçinin ekoloji tarazlığın pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə, eləcə də öz qanunazidd əməlləri ilə dövlətin ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan şəxslərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vizəzəmin meşəbəyliyinin ərazisində yaş köküstə müxtəlif cinsli və diametrli 75 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə xeyli miqdarda, yəni 6590 manat məbləğində ziyan vurulması ilə bağlı ETSN-dən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Həmin faktla bağlı baş prokurorun birinci müavini tərəfindən Cinayət Məcəlləsinin 259.1-ci (qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Lerik rayon Polis Şöbəsinin İstintaq Qrupuna tapşırılıb.

Hazırda qanunsuz ağac kəsmə faktı ilə bağlı başlanmış cinayət işi üzrə təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bütün fiziki və hüquqi şəxslərə qanunsuz ağac kəsilməsi hallarına yol verməmələri tövsiyə edilir və bildirilir ki, bu kimi hallara yol verən şəxslər barəsində qanunla nəzərdə tutulmuş qaydada ən ciddi cəza tədbirləri görüləcək.