İçərisində külli miqdarda pul və qızıl-zinət əşyaları olan seyfi oğurlayanlar yaxalanıblar
Paytaxt sakini aprelin 22-də Xətai rayon Polis İdarəsinə müraciət edərək rayon ərazisindəki fərdi yaşayış evindən içərisində 30 min ABŞ dolları və 100 min manat dəyərində qızıl-zinət əşyaları olan seyfin oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Xətai rayon Polis İdarəsi və 37-ci polis bölməsi əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən Bakı şəhər sakini İmamverdi Həsənov, Sahib Həsənbəyli, həmçinin əvvəllər məhkum olunmuş Elnur Aslanov və Aslan Qasımov saxlanılaraq istintaqa təhvil veriliblər.
Araşdırma zamanı müəyyən olunub ki, dəstə üzvü S.Həsənbəyli zərərçəkənin mənzilində külli miqdarda pul olması barədə əvvəlcə İ.Həsənova məlumat verib. O, isə dəstənin digər üzvləri E.Aslanov və A.Qasımov ilə birlikdə həmin evdən oğurluq etmək qərarına gəlib.
Seyfi ələ keçirəndən sonra dəstə üzvləri S.Həsənbəylinin Abşeron rayonunda yerləşən bağ evinə yollanıblar. Orada seyf kəsilərək açılıb və əldə edilən pul saxlanılan şəxslərin arasında bölünüb. Seyfdə olan qızıl-zinət əşyaları S.Həsənbəyli və İ.Həsənov tərəfindən satılandan sonra həmin pullar da dəstə üzvləri arasında bölüşdürülüb.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.