logo

“Dəmirbank”ın kreditorlar komitəsi yaradılır

12:53 19-05-2018 | icon 2499
“Dəmirbank”ın kreditorlar komitəsi yaradılır

Ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlar komitəsi yaradılır.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-cı il 27 dekabr tarixli qərarı ilə “Dəmirbank” ASC müflis elan olunub, onun barəsində iflas proseduruna başlanılıb və bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (ADIF) təyin edilib.

ADIF-dan YeniAvropa-ya bildirilib ki, ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarının say çoxluğunu və kreditor tələblərinin həcmini nəzərə alaraq, ləğvetmə prosesində kreditorların maraqlarının təmsil edilməsi, onlarla daha asan kommunikasiyanın qurulması, habelə bankın səmərəli ləğvinin təmin edilməsi məqsədi ilə kreditorlar komitəsinin təsis edilməsinə zərurət yaranıb. Eyni zamanda, kreditorlar komitəsinin yaradılmasının məqsədi ləğvetmə prosesinin şəffaf və qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirildiyini bir daha nümayiş etdirməkdir.

“Banklar haqqında” Qanunun tələblərinə uyğun olaraq, Əmanətlərin Sığortalanması Fondu kreditorlar komitəsinin yaradılması üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının müsbət rəyini alıb və Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

2018-ci il martın 2-də Bakı Apellyasiya Məhkəməsi ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlar komitəsinin yaradılması, komitəsinin tərkibinin müəyyənləşdirilməsi üçün təşkilatı işlərin və zəruri tədbirlərin görülməsi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması və bankın kreditorlar komitəsinin əsasnaməsinin təsdiq edilməsi barədə qərar qəbul edib.

Məhkəmənin müvafiq qərarı rəhbər tutularaq ləğvedici tərəfindən kreditorlar komitəsinin tərkibinin formalaşdırılması üçün məbləğ baxımından ən iri kreditor hüquqi və fiziki şəxslərə, dövlət qurumlarına, o cümlədən az məbləğdə tələbi olan kreditorları təmsil edən şəxslərə dəvət məktubları və bildirişlər göndərilib.

ADIF-dən bildirilib ki, ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlar komitəsinin ilk iclası 2018-ci il iyunun 1-də tarixində saat 15.30-da Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən inzibatı binasında keçiriləcək.