logo

Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 56 əcnəbi saxlanılıb

12:29 18-05-2018 | icon 2324
Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 56 əcnəbi saxlanılıb

Dövlət Miqrasiya Xidmətinin (DMX) qanunsuz miqrasiyaya qarşı həyata keçirdiyi tədbirlər nəticəsində 56 əcnəbi aşkar edilib.

DMX-dən YeniAvropa-ya bildiriblər ki, onlardan 13-ü Hindistan, 12-si Türkiyə, 10-u Pakistan, 7-si İran, 7-si Nepal, 4-ü Özbəkistan, 2-si Gürcüstan və 1-i Türkmənistan vətəndaşıdır. Həmin şəxslərdən 38-i Bakı şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirilib.

Araşdırma zamanı 4 nəfər Türkiyə vətəndaşının qanunsuz əmək fəaliyyətinə cəlb edildiyi, Pakistan vətəndaşı Muhammad Munirin qeyri-qanuni olaraq küçə ticarəti ilə məşğul olduğu, digər əcnəbilərin Azərbaycan Respublikasının ərazisində olma və yaşama qaydalarını pozduqları müəyyənləşib.

Saxlanılan Nepal vətəndaşları Thapa Dal Bahadur, Nepali Bhim və Karki Rameşin Hindistanda fəaliyyət göstərən Raju adlı şəxs tərəfindən Türkiyəyə göndərilmək adı altında Azərbaycana gətirilməsinin və burada yerləşdirilməsinin təşkil edildiyi məlum olub. Həmin Nepal vətəndaşlarının Azərbaycandan İrana, oradan Türkiyəyə keçirilməklə leqallaşacaqlarına vəd verilib və qanunsuz miqranta çevrilmələrinə şərait yaradılıb. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.

Türkiyə, Gürcüstan, Özbəkistan, Türkmənistan və İran vətəndaşlarının ölkəni tərk etmələri təmin edilib. Digər şəxslərin də Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.