Mayın 30-da Rusiyanın Həştərxan şəhərinə ixrac missiyası təşkil olunacaq. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Həştərxan şəhərinə təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbuluna başlayıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, qida, sənaye və tikinti istehsalı sahələrini əhatə edən ixrac missiyası mayın 30-dan iyunun 1-dək keçiriləcək. İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəklər. Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO).
Müsabiqə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında mayın 21-də AZPROMO-da təşkil olunacaq.
İxrac missiyasında iştirak etmək üçün sənədlər AZPROMO-ya təqdim edilməlidir.