logo

Birinci rübdə “Azəri-Çıraq-Günəşli”dən  54 milyon barrel heft hasil olunub

14:35 17-05-2018 | icon 2940
Birinci rübdə “Azəri-Çıraq-Günəşli”dən  54 milyon barrel heft hasil olunub

Bu ilin yanvar-mart aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat 54 milyon barrel, yəni 7 milyon ton təşkil edib. “BP Azerbaijan” şirkətindən YeniAvropa-ya bildirilib ki, hesabat dövründə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. AÇG-dən ümumi hasilat – “Çıraq” (53 min), “Mərkəzi Azəri” (156 min), “Qərbi Azəri” (123 min), “Şərqi Azəri” (94 min), “Dərinsulu Günəşli” (109 min) və “Qərbi Çıraq” (62 min) platformalarından birlikdə gündəlik orta hesabla 597 min barrel olub.

Birinci rübdə AÇG-də ümumilikdə 118 neft hasilat quyusu, 52 qaz və su quyusu istismarda olub. Üç ayda blokda 5 neft quyusu qazılıb.

İlin ilk 3 ayında AÇG layihəsinə təqribən 102 milyon dollar əməliyyat və 206 milyon dollar isə əsaslı məsrəflər xərclənib.

AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, “AzAÇG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Equinor” (Statoil) - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TPAO” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.

Xatırladaq ki, ötən il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıblar. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən oktyabrın 31-də ratifikasiya olunub.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.