İlin birinci rübündə “Şahdəniz” yatağından 2,7 milyard standart kubmetr təbii qaz və 0,6 milyon ton (təqribən 5 milyon barrel) kondensat hasil olunub.
Bu barədə YeniAvropa-ya “BP Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 30 milyon standart kubmetr və ya ildə təqribən 10,9 milyard kubmetrdir.
“Şahdəniz” yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə) və Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə etibarlı şəkildə qaz çatdırılmasına davam edib.
Yanvar-mart aylarında “Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 123 milyon dollar əməliyyat və 415 milyon dollar isə əsaslı xərclər sərf olunub. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aiddir.
“Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).