Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə, Bakı-Ələt avtomobil yolunun Azneft dairəsi–Bayıl dairəsi arasında yerləşən hissəsində (hər iki istiqamətdə) və Lökbatan-Qobu-Hökməli avtomobil yolunda yeni üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, bu məqsədlə, sözügedən yollar boyu mayın 16-sı axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılıb.
Sürücülərin diqqətinə çatdırılır ki, Bakı Dairəvi-1 avtomobil yolunda (hər iki istiqamət üzrə) əyri-xətli dəmir tirlərin yol ayrıcında və yolun kənarlarında yenilənməsi işləri aparılır. Bu məqsədlə avtomobillərin hərəkəti iş gedən zolaqlar üzrə məhdudlaşdırılıb.
Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.