logo

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

11:27 13-05-2018 | icon 4067
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 13-də 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün ikinci və üçüncü ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

YeniAvropa xəbər verir  ki,  imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və üç saat davam edəcək.

Qəbul imtahanında 36.559 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 17.253-ü ikinci qrup üzrə, 19.306-sı isə üçüncü qrup üzrə imtahan verir.

İmtahanların idarə olunmasına 248 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2.856 nəzarətçi-müəllim cəlb edilib.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Bu gün “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları, eyni zamanda, DİM-in internet saytında və “Facebook” səhifəsində yerləşdiriləcək.

Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.