logo

Azərbaycan və İranın gömrükçüləri Ərdəbildə görüşdülər

18:51 11-05-2018 | icon 2513
Azərbaycan və İranın gömrükçüləri Ərdəbildə görüşdülər

Mayın 11-də İranın Ərdəbil şəhərində Azərbaycan ilə İranın gömrük orqanlarının əməkdaşları görüş keçirib.

YeniAvropa İRNA agentliyinə istinadla xəbər verir ki, İranın Baş Gömrük İdarəsinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Hüseyn Kaxəki və Azərbaycan Dövlət Gömrük Komitəsinin Fəaliyyətlərin Qiymətləndirilməsi və İnkişafı baş idarəsinin rəisi İqbal Babayevin rəhbərlik etdikləri nümayəndə heyəti arasında keçirilən görüşdə bəzi gömrük-keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsi məsələsi müzakirə edilib.

H.Kaxəkinin sözlərinə görə, İran qonşu ölkələr ilə iqtisadi əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. Azərbaycan ilə İran yaxın qonşu və dost dövlətlərdi. Ona görə də Biləsuvar və Astara gömrük-keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsi hər iki dövlətin iqtisadi maraqlarına cavab verir.

O qeyd edib ki, 24 saatlıq iş rejimi hər iki ölkənin sərhəd rayonlarında yaşayan əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına təkan verəcək və turizm sənayesinin inkişafına töhfə olacaq.

Tərəflər bütün məsələlərin aydınlaşdırılması və məntəqələrdə 24 saatlıq iş rejiminin təmin edilməsi üçün görüşlərin və müzakirələrin davam etdirilməsi barədə razılıq əldə ediblər.