Mayın 11-də Bakının Səbail rayonunda “Dinamo” otelinin açılış mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, tədbirdə prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Otelin baş meneceri Alberto Matos və dizayneri Lindo Pinto burada aparılan əsaslı təmir-yenidənqurma işləri barədə prezident İlham Əliyevə məlumat veriblər.
Dövlət başçısı və xanımı otelin rəmzi açılışını bildirən lenti kəsiblər.
Nəfis tərtibatla qurulan otelin interyeri müasirliyi ilə diqqəti cəlb edir. Burada aparılan yenidənqurma işləri nəticəsində qonaqların qalması, yüksək səviyyədə istirahət etməsi, vaxtlarını səmərəli keçirməsi üçün maksimum imkanlar yaradılıb. İdmançıların və atletlərin arenası olan bu məkan öz yeni konsepti ilə dinamik və müasir həyat tərzi axtaranlar üçün ideal bir məkandır. Otelin restoranlarının nadir bədii konsepti də diqqət çəkir. Restoranlarda otelin qonaqlarının və müştərilərin zövqünə uyğun xidmət göstərmək üçün hərtərəfli şərait var. Burada qonaqlara milli və dünya mətbəxinin nəfis təamları təqdim ediləcək.
Mehmanxananın idman zalında müasir qurğular quraşdırılıb, qonaqların və atletlərin idmanla məşğul olmaları üçün geniş imkanlar yaradılıb. Bundan başqa, oteldə üzgüçülük hovuzu, SPA da qonaqların ixtiyarına veriləcək.
Ümumi sahəsi 7500 kvadratmetrə yaxın olan otelin paytaxtın əsas işgüzar və mədəni mərkəzlərinə yaxın olması qonaqlara vaxtlarını daha səmərəli keçirmək üçün hərtərəfli imkanlar yaradır.