logo

Bakıda “Azerbaijan Fashion Week” rəsmi moda həftəsi keçiriiləcək

11:52 11-05-2018 | icon 2597
Bakıda “Azerbaijan Fashion Week” rəsmi moda həftəsi keçiriiləcək

Mayın 17-dən 19-dək Bakıda “Fairmont Baku Flame Towers” otelində “Azerbaijan Fashion Week” rəsmi moda həftəsinin yeddinci mövsümü keçiriləcək. İlk parlament respublikası - Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar “Azerbaijan Fashion Week”də bir sıra dəb nümayişləri təşkil olunacaq.

“Azerbaijan Fashion Week” təşkilatçıları YeniAvropa-ya bildiriblər ki, 7-ci mövsümün qonaqları tanınmış azərbaycanlı modelyer-dizayner, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova, həmçinin Diana Əhədpur Kəngərli, Alex Chzhen, Yerlan Zholdasbek, Makhaim, Mak Mari kimi tanınmış dizaynerlər olacaq.

Moda həftəsi çərçivəsində “Azerbaijan Fashion Week” Azərbaycan qadınlarının gözəllik və dəb tarixinə dalmağa imkan yaradacaq. Gözləriniz önündə yüz il müddətində dəyişən obrazlar canlanacaq. Dəb həftəsinin qonaqları son əsrin dəb təkamülünün şahidi olacaqlar.

2018-2019 Payız-Qış mövsümü sürprizlər hazırlayır. Azərbaycan dizaynerləri inkişaf edir, güclənir, moda cəmiyyətinin yeni üzvlərinin sayı həndəsi silsilə üzrə artır. Əsas nümayiş proqramı ilə yanaşı, ənənəvi hala çevrilən “Showroom АFW” də təşkil olunacaq.

“Showroom АFW”in əsas məqsədi - butik sahibləri və bayerlərə uzun-uzadı vasitəçi zəncirindən yan keçərək və axtarışlar üçün vaxt itirmədən dizaynerlərlə bilavasitə ünsiyyətə girmək, mövsümün yenilikləri barədə öyrənmək, yerində və zamanında öz brendini tapmaq, öz qarderobu üçün yeni geyim seçmək imkanı yaratmaqdır.

Öz fəaliyyəti dövründə yüksək səviyyəli təşkilatçılığı və ölkənin moda hadisəsinin aparıcısı statusunu qazanması sayəsində “Azerbaijan Fashion Week”in təşkilat komitəsi, ölkənin və regionun fashion-cəmiyyətində tanınması üçün bir çox tərəfdaşlıq müqavilələri bağlayıb. Hazırda “Mercedes-Benz Fashion Week Russia”, “Kazakhstan Fashion Week”, “Tbilisi Fashion Week”, “Caspian Fashion Week”, “Belarus Fashion Week”, “Krasnodar Fashion Week”, “Volqa Fashion Week” – “Azerbaijan Fashion Week”in tərəfdaşlarıdır.