“Cənub-Qərb” Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həyata keçirilməsi layihəsi çərçivəsində Polşanın Slavkov stansiyasından yola salınan konteyner uğurla Astara (İran) stansiyasına çatıb və artıq əks istiqamətdə hərəkətə başlayıb.
Bu haqda YeniAvropa-ya test məqsədilə həyata keçirilən layihənin operatoru olan “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Konteyner” MMC-dən bildirilib. Qeyd edilib ki, "ADY Konteyner”in İsveçrənin “Hupac Intermodal” şirkəti ilə birgə əməkdaşlığı nəticəsində konteynerlər Polşadan 399 kilometr, Ukrayna ərazisindən 965 kilometr, Gürcüstandan 396 kilometr, Azərbaycan və İran ərazisindən 596 kilometr keçməklə 2356 kilometri 9 gün ərzində tamamlayıb. Konteyner GPS sistemi ilə təchiz edilib ki, bu da marşrut boyu konteynerin hərəkətini izləməyə imkan verib.
Qeyd edək ki, operatoru “ADY Konteyner” şirkəti olan bu test daşıma “Cənub-Qərb” Beynəlxalq Nəqliyyat Marşrutunun texnologiyasının işlənilməsi, o cümlədən yüklərin çatdırılma müddətini ölçmək üçün həyata keçirilib. Test qatarının çıxış stansiyası olan Polşanın Slavkov Avroterminalı 1520 millimetrlik dəmir yolu xətti ilə 1435 millimetrlik Avropa standartlı dəmir yolu xəttinin kəsişməsində yerləşir ki, bu da qərbi Avropa ölkələrindən yükləri bu terminalda qəbul edib və daha sonra “Cənub-Qərb” marşrutu üzrə daşımaq üçün imkan yaradır. Slavkov Avroterminaldan (http://www.euterminal.pl/) gündəlik olaraq blok qatarlar yola düşür və “ADY Konteyner” MMC-nin konteynerləri bu blok qatara qoşulur.