logo

Paytaxtda havada müşahidə olunan kəskin iy-qoxunun səbəbləri müəyyən edilib

22:07 09-05-2018 | icon 2331
Paytaxtda havada müşahidə olunan kəskin iy-qoxunun səbəbləri müəyyən edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri mayın 4-8-də Bakının Xətai, Nizami və Səbail rayonlarında yaranan kəskin iy-qoxu ilə bağlı monitorinq keçirib, atmosfer havasından nümunələr götürərək analizlər aparıblar. Analizlərin nəticələrinə görə, atmosfer havasında müşahidə olunan kəskin iy-qoxunu yaradan səbəblər müəyyən edilib.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, havada karbohidrogen mənşəli qaz qarışıqları və hidrogen-sulfidin miqdarı müəyyən günlərdə normadan dəfələrlə artıq olub. Aparılan təhlillər zamanı kəskin iy-qoxu daha çox Neft Emalı Zavodunun ərazisində, bioloji təmizləyici qurğularının və “Ekol Mühəndislik Xidməti” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) neftli suların təmizlənməsi qurğularının ətrafında müşahidə olunub. Havadan gələn kəskin iy-qoxunun əsas mənbəyi həmin zavod və “Ekol Mühəndislik Xidməti” QSC-nin neftli suların təmizlənməsi qurğusunun olduğu müəyyən edilib. Texnoloji prosesin pozulması və çirkab sularının təmizlənməsi normalarına riayət olunmadığına görə həmin müəssisələrə rəsmi xəbərdarlıq olunub. Hazırda qanun pozucuları barəsində qanunauyğun tədbirlər görülür və cərimə olunmaları üçün sənədləşmə işləri aparılır.