logo

Sentyabrda “Star” neft emalı zavodunda ilk məhsulun satışı həyata keçiriləcək

17:57 09-05-2018 | icon 2450
Sentyabrda “Star” neft emalı zavodunda ilk məhsulun satışı həyata keçiriləcək

Cari ilin sentyabrında “Star” neft emalı zavodunda ilk məhsulun satışı, dekabrda isə şərti qəbulu həyata keçiriləcək.

YeniAvropa xəbər verir  ki,  bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc edilən məqaləsində deyilir.

“Xam neftin qiyməti aşağı düşdüyü halda, neft-qaz və neft-kimya məhsullarının gəlirliliyi yüksəlib. Türkiyədəki ən böyük aktivimiz olan “Petkim” Petrokimya Holdinqinin timsalında biz bunu aydın şəkildə görə bilirik. Məhsullarını təxminən 40 ölkəyə ixrac edən “Petkim” 2008-ci ildə SOCAR-ın idarəçiliyinə keçdikdən sonra xalis mənfəətini 9,2 dəfə artırıb. Holdinqin səhmlərinin dəyəri isə 8,7 dəfə yüksəlib. “Petkim”i xammal ilə təmin edəcək “Star” neft emalı zavodunun tikintisi 99 faiz tamamlanıb. Cari ilin sentyabrında zavodda ilk məhsulun satışı, dekabrda isə şərti qəbulu həyata keçiriləcək. Zavodun istehsal gücü 10 milyon ton həcmində nəzərdə tutulur. Zavodda istehsal olunacaq məhsulların bir qismi, o cümlədən nafta “Petkim” kompleksində xammal kimi istifadə ediləcək ki, bu da ümumi xərclərin aşağı salınmasında böyük rol oynayacaq. Ümumiyyətlə, zavodda istehsal ediləcək məhsulların əsas hissəsi Türkiyənin daxili bazarı, qalan hissəsi isə ixrac üçün nəzərdə tutulur. Cari ildə “Star” üzrə aparılacaq işlərin əsas hədəfi istehsalat proseslərinin rəqəmsallaşdırılması olacaq”, - deyə o bildirib.