logo

Cari ildə  “Şahdəniz-2” layihəsi üzrə 5 hasilat quyusu tamamlanacaq

20:21 09-05-2018 | icon 2702
Cari ildə  “Şahdəniz-2” layihəsi üzrə 5 hasilat quyusu tamamlanacaq

Cari ildə “Şahdəniz-2” layihəsi üzrə 5 hasilat quyusunun tamamlanması planlaşdırılır.

YeniAvropa xəbər verir  ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc edilən məqaləsində deyilir.

SOCAR-ın prezidenti bildirib ki, “Şahdəniz” qaz-kondensat yatağının işlənilməyə başlaması ilə Azərbaycan beynəlxalq aləmə özünü, həm də zəngin təbii qaz istehsalçısı və istehlakçısı kimi təqdim edib. “Şahdəniz” layihəsi hazırda ölkəmizdə karbohidrogen hasilatının daha bir mühüm dayağıdır. Dünyanın əhəmiyyətli neft hasilatçılarından Azərbaycan indi məhz bu layihənin uğurları sayəsində beynəlxalq enerji bazarlarında alternativ təbii qaz mənbəyi kimi də tanınır.

“Dünyanın ən böyük qaz-kondensat yataqlarından hesab olunan “Şahdəniz”in gündəlik hasilat gücü hazırda 30 milyon kubmetr qaz və 7 min ton kondensat həcmindədir. Ötən il yataqdan 10,2 milyard kubmetr qaz və 2,4 milyon ton kondensat hasil edilib. “Şahdəniz-1” layihəsi üzrə qazma işləri davam edir və bu il daha 2 hasilat quyusunun tamamlanması nəzərdə tutulur. “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsi çərçivəsində hazırkı illik hasilata daha 16 milyard kubmetr qaz əlavə olunacaq. Bu həcmin ildə 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcək. “Şahdəniz-2” layihəsi üzrə mühəndis-layihə, təchizat, tikinti işlərinin, habelə istismar sınaqlarının 99 faizi artıq tamamlanıb. Bu ilin əvvəlində “Şahdəniz-2” layihəsi üzrə bir quyuda qazma işləri artıq başa çatıb və il ərzində cəmi 5 hasilat quyusunun tamamlanması planlaşdırılır”, - deyə o əlavə edib