logo

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

20:32 23-12-2017 | icon 2226
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, iclasda N.Qədirovun şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 10 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin vəkilinin və nümayəndəsinin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Namiq Qədirovun Fərhad Şirəliyevə və üçüncü şəxs “Nikoyl Lizinq Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vurulmuş zərərin, avtomobildən istifadə edilməməsinə görə dəymiş ziyanın ödənilməsi tələbi barədə mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 10 mart tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.