Sabah paytaxtda bir sıra avtomobil yollarında hərəkətin istiqaməti dəyişdiriləcək
Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar paytaxtın bir sıra avtomobil yollarında hərəkətin istiqaməti dəyişdiriləcək. Vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə səhər saat 08:00-dan tədbir tam başa çatanadək Parlament prospekti – Fəxri xiyaban istiqaməti üzrə məhdudiyyət tətbiq olunacaq.
YeniAvropa xəbər verir ki, bu haqda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından Parlament prospekti, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək.
“Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər və ictimai nəqliyyata üstünlük versinlər”, - deyə V.Əsədov vurğulayıb.