"Exo" qəzetinin baş redaktoru Rauf Talışinski vəfat edib. YeniAvropa xəbər verir ki, R.Talışınskinin meyiti bu gün səhər xadimə tərəfindən Bakıdakı evində tapılıb. R.Talışınski evdə tək olub.
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən verilən xəbərə görə, meyitin ilkin ekspertizasının nəticəsi olaraq R.Talışinskinin ürəyində kardioskleroz, ateroskleroz və beyində insult əlamətləri aşkar edilib.
Ölüm səbəbinin də bu xəstəliklər olduğu ehtimal edilir.
Yekun nəticə isə iki həftədən sonra laborator müayinələrdən sonra bəlli olacaq.
Xatırladaq ki, R. Talışinski 16 noyabr 1956-cı ildə anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
"Molodyoj Azerbaydjana", "Vışka" və "İzvestiya" kimi qəzetlərdə çalışıb. 1990-cı ildən "Ayna"/ "Zerkalo" qəzetinin rəhbərlərindən biri olub.
27 yanvar 2001-ci ildən "Exo" qəzetinin baş redaktoru idi.
Rauf Talışinski "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.