logo

Ramin Bayramlı: Azərbaycanda peyvənd ehtiyatı kifayət qədər çoxdur

13:53 02-07-2021 | icon 4179
Ramin Bayramlı: Azərbaycanda peyvənd ehtiyatı kifayət qədər çoxdur

Azərbaycanda yeni növ koronavirus (COVID-19) əleyhinə peyvənd ehtiyatı kifayət qədər çoxdur və ölkəyə vaksinlərin gətirilməsi prosesi davam edir.

 YeniAvropa xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının həyata keçirdiyi "PROACT-Care" layihəsi çərçivəsində Şamaxıda səyyar klinikaların təhvil-təslim mərasimində Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

TƏBİB-in sədri qeyd edib ki, COVID-19-a qarşı vaksinasiya çərçivəsində xeyli peyvəndin alınması planlaşdırılıb: "Peyvənd idxalı üçün ikitərəfli müqavilələr imzalamışıq. Nəticədə koronavirus əleyhinə vaksinlər əhali üçün əlçatandır. Bundan sonra da elmi statistik məlumatlara əsasən, ehtiyac duyulan vaksinlərlə peyvənd ehtiyatımızı daim yeniləyəcəyik”.

R.Bayramlı 3-cü doza vaksin vurulması ilə bağlı suallara da aydınlıq gətirib: "Məsələ ilə bağlı elm adamları və Nazirlər Kabineti yanında Operativ Qərargah müzakirələr aparır. Həmçinin koronavirus əleyhinə vaksinin iki dozada tətbiqindən sonra istifadə ediləcək 3-cü dozanın hansı vaksin olması ilə bağlı da dünyada tədqiqat işi davam edir. Bütün statistik tədqiqatlar, elmi araşdırmalar toplanılıb qərar verildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Onu da qeyd edim ki, ölkədə hansı vaksin çeşidinə tələbat olarsa, əhali məhz həmin peyvəndlərlə təmin ediləcək. Azərbaycanda istifadə edilən vaksinlər təhlükəsiz və effektivdir. Bu vaksinlərin istifadəsindən sonra vətəndaşlarda ağırlaşma müşahidə edilməyib, ancaq çox kiçik allergik reaksiyalar olub. Allergik reaksiyalara ənənəvi vaksinlərdə də rast gəlindiyini nəzərə alaraq, deyə bilərik ki, bu, normaldır. Məsələ ilə bağlı mütəmadi olaraq monitorinq aparılır”.