Bakı kəndlərindən Təcili Tibbi Yardıma daxil olan çağırışların yay mövsümündə gecikməsinin səbəbi paytaxt əhalisinin bağ evlərinə köçü nəticəsində, Bakıətrafı ərazilərdəki əhali sayının artmasıdır.
YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkiminin müavini Nuridə Fərzəliyeva məlumat verib.
N.Fərzəliyev yay aylarında Bakıətrafı ərazilərdən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan çağırışlar zamanı baş verən gecikmələrə aydınlıq gətirib: “Bakıətrafı ərazilərdən daxil olan çağırışlar zamanı təcili tibbi yardım xidmətinin ünvana gecikməsi ilə bağlı yay aylarında müraciətlər daxil olur. İlk öncə qeyd edim ki, əlbəttə ki, təcili yardım briqadaları Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən əhalinin sayına uyğun təşkil edilir. Lakin yay mövsümündə gecikmələrin baş verməsinə əsas səbəb paytaxt əhalisinin, bəlkə də, yarısından çoxunun Bakı kəndlərinə - bağ evlərinə köçməsi nəticəsində Bakıətrafı ərazilərdə yaşayan əhali sayının artımıdır. Beləliklə, digər vaxtlarda təcili yardıma daxil olan müraciətlər normal şəkildə qarşılandığı halda, yay mövsümündə gecikmələr baş verir. Həmçinin Bakı kəndlərinin əksəriyyətində çimərliklər olduğu üçün hər gün şəhərdən minlərlə vətəndaş həmin ərazilərə üz tutur. Çimərliklərdə olan vətəndaşların da müraciətləri əlavə olunduqda, Bakı kəndlərinə gecikmə hallarına daha çox rast gəlinir. İstənilən halda, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası olaraq yay aylarında Bakı kəndlərindən daxil olan çağırışlara xüsusi diqqət yetirməyə və gecikmələrə yol verməməyə çalışırıq. Onu da qeyd edim ki, həmişə olduğu kimi çağırışlar çeşidləmə ilə icra edilir”.