Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz-kondensat yatağının operatorluğunu həyata keçirəcək “Abşeron Neft” Birgə Müəssisəsi (Join Operating Company Absheron Petroleum - JOCAP) yaxın vaxtlarda fəaliyyətə başlayacaq.
YeniAvropa xəbər verir ki, bu haqda SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov məlumat verib . Onun sözlərinə görə, JOCAP SOCAR və Fransanın “Total” şirkətinin birgə müəssisəsi kimi mart-aprel aylarında yaradılıb, Azərbaycanda qeydiyyata alınıb. Bu şirkət “Abşeron” yatağı üzrə operatorluq fəaliyyətini həyata keçirəcək. Birgə Müəssisənin yaxın zamanda fəaliyyətə başlaması nəzərdə tutulur.
Xatırladaq ki, “Total” 2011-ci ilin sentyabrında ilk kəşfiyyat quyusunda aparılan qazma işlərinin nəticələrinə əsasən “Abşeron” yatağında böyük həcmdə hidrokarbon ehtiyatlarının - 326 milyard kubmetr qaz və 108 milyon ton kondensat olduğunu təsdiqləyib. “Abşeron” yatağının işlənməsi layihəsinin birinci mərhələsinə 450 metr dərinlikdə bir quyunun qazılması daxildir. Qazma işlərində üzən yarımdalma qazma qurğusundan istifadə olunacaq.
Yataqda hasilat 2020-ci ilə planlaşdırılır. İlkin mərhələdə illik təxminən 1,5 milyard kubmetr, 2022-2023-cü illərdə 5 milyard kubmetr qaz hasilatının nəzərdə tutulur. Yataqdan gündəlik 150 milyon kubmetrə yaxın, ildə isə təqribən 1,5 milyard kubmetr qaz yerli bazara çıxarıla biləcək.
“Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50 faiz) və “Total” (50 faiz) şirkətləridir.