Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Ziya Bünyadov prospektinin “20 Yanvar” dairəsindən “Çermet” körpüsünə qədər olan hissəsində (Koroğlu metrosu istiqamətində) üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar mayın 4-dən həmin ərazidə axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.
Bu barədə YeniAvropa-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.
Tam məhdudlaşdırma prospektin həmin hissələrində olan tunellərdə tətbiq olunacaq və hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq (Yol bağlı olmayacaq). Məhdudlaşma səhər saatlarınadək qüvvədə qalacaq.
Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.