logo

Azərbaycan və Rusiya şirkətləri niyyət memorandumları imzalanacaq

12:55 23-12-2017 | icon 2198
Azərbaycan və Rusiya şirkətləri niyyət memorandumları imzalanacaq

Dekabrın 25-də Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycana işgüzar səfər edəcək. Həmin səfər çərçivəsində Rusiya və Azərbaycan şirkətləri arasında niyyət memorandumları imzalanacaq.

YeniAvropa Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, rusiyalı nazirin Bakıda Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü planlaşdırılır. Maksim Oreşkin Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının geniş iclasında və “Rusiya İxrac Mərkəzi” (“RİM”) səhmdar cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin açılışında iştirak edəcək.

İclas iştirakçıları Rusiya ilə Azərbaycan arasında, xüsusən energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti və turizm kimi mühüm sahələrdə ticari-iqtisadi əlaqələrin cari vəziyyətini və perspektivlərini müzakirə edəcəklər. İnvestisiya layihələrinin və müvafiq təşəbbüslərin inkişafı, iki ölkənin işgüzar dairələri arasında qarşılıqlı fəaliyyət şərtlərinin yaxşılaşdırılması məsələləri həmin iclasda əsas müzakirə mövzuları olacaq.

Geniş iclasda Rusiyanın və Azərbaycanın icra hakimiyyəti orqanlarının və işgüzar ictimaiyyətin nümayəndələri iştirak edəcəklər. Tədbirdə Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycan-Rusiya işgüzar şurasının sədri İsgəndər Xəlilov və Rusiya-Azərbaycan işgüzar şurasının sədri Pyotr Fradkov təbrik nitqləri söyləyəcəklər.

İclas başa çatandan sonra iki ölkənin iqtisadiyyat nazirlərinin iştirakı ilə Rusiya və Azərbaycan şirkətləri arasında niyyət memorandumları imzalanacaq, B2B görüşlər və işgüzar əlaqələr birjası keçiriləcək.