logo

“Bakı Ürək Günləri” VII Beynəlxalq Konqresi işə başlayıb

18:15 22-05-2021 | icon 3668
“Bakı Ürək Günləri” VII Beynəlxalq Konqresi işə başlayıb

Mayın 22-də Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən təşkil edilən və ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “Bakı Ürək Günləri” VII Beynəlxalq Konqresi işə başlayıb. Dünyada mövcud olan yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən konqres onlayn formatda keçirilir. Konqres iki gün davam edəcək.

 YeniAvropa xəbər verir ki, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev bildirib ki, ölkəmizdə ürək-damar cərrahiyyəsinin, kardiologiyanın bu gün gəldiyi beynəlxalq standartlar məhz ulu öndər Heydər Əliyevin siyasətinin nəticəsidir. Onun sözlərinə görə, konqres bütün dünyanı əhatə edən COVID-19 pandemiyası səbəbindən onlayn formatda keçirilir: "Onlayn formatda keçirilməsinə baxmayaraq, dünyanın müxtəlif ölkələrindən çıxışçılar var. İki gün müddətində həmin mütəxəssislər tərəfindən kardiologiya və kardiocərrahiyyə sahəsindəki ən son yeniliklər paylaşılacaq. İnanıram ki, bizi onlayn şəraitdə izləyən 500-dən çox izləyici üçün çox faydalı konqres olacaq.

Hər "Bakı Ürək Günləri"ndə tədbirin elmi və praktik səviyyəsini yüksəltmək üçün müəyyən yeniliklər və dəyişikliklər etməyə çalışırıq. Bu dəfə Dünya Uşaq Kardiologiyası və Ürək Cərrahiyyəsi Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində anadangəlmə ürək qüsurları konqresdə ayrıca bir sessiyada müzakirə ediləcək. Hesab edirəm ki, sadəcə, böyüklərin ürək-damar xəstəlikləri deyil, uşaqlarda anadangəlmə ürək qüsurlarının da diaqnostikası və müalicəsindəki aktual problemləri dünyanın aparıcı mütəxəssisləri ilə müzakirə etmək imkanı əldə edəcəyik".

Qeyd edək ki, konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. 20-ə yaxın ölkədən kardioloq və kardiocərrahın mühazirəçi kimi iştirak etdiyi “Bakı Ürək Günləri” VII Beynəlxalq Konqresində ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər, o cümlədən COVID-19 pandemiyasının ürək xəstəliklərinə təsiri və dünyanın aparıcı ölkələrində müalicəsinin təşkili də müzakirələr sırasında yer alıb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının iclasında “Bakı Ürək Günləri” VII Beynəlxalq Konqresi Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınıb və Konqresə 16 kredit balı verilib. Bu, o deməkdir ki, Konqresdə izləyici kimi qatılan mütəxəssislər illik tələb olunan 48 kredit balının 16-nı toplaya bilərlər.

Xatırladaq ki, AÜDCC 2009-cu ildən etibarən hər iki ildən bir “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.