Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində bir ədəd minanın tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan YeniAvropa-ya bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri Daxili İşlər Nazirliyinin Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə qeyd olunmuş ərazidə Qarqar çayının qurumuş yatağına baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində oradan bir piyada əleyhinə mina (OZM-72) və bir raket (PQ-7) aşkarlanıb. Onların daşınmasının təhlükəli, havanın isə qaranlıq olmasına görə tapılmış hərbi sursatlar ərazi mühafizə üçün işarələndikdən sonra rayon polis şöbəsinin əməkdaşlarına təhvil verilib.
Əməliyyat-axtarış tədbirləri aprelin 29-da səhər saatlarından davam etdirilib. Əməliyyat zərurəti ilə əlaqədar əlavə işçi qüvvəsi cəlb olunub, qeyd edilmiş obyektlərdə başqa daha bir ədəd PQ-7 raketinin motor hissəsi aşkarlanıb. Aşkarlanmış iki ədəd raket və bir ədəd piyada əleyhinə mina partlayış yolu ilə yerində zərərsizləşdirilib.
Mina və raketlərin tapıldığı yerin ətrafında 10 min kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Qeyd edək ki, yanvarın 1–dən aprelin 29-dək ANAMA tərəfindən 3472 partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə və tank əleyhinə 3 mina və piyada əleyhinə bir mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 76 min 365 kvadratmetr ərazi yoxlanılıb.