logo

Naxçıvan gömrükçüləri 108 kq heroin aşkar ediblər

19:41 24-04-2018 | icon 2345
Naxçıvan gömrükçüləri 108 kq heroin aşkar ediblər
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılması üçün edilən növbəti cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən YeniAvropa-ya  bildirilib ki, narkotik qaçaqmalçılığı faktı Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Şahtaxtı gömrük sərhəd-keçid məntəqəsində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı Davut Korkmazın idarə etdiyi 27 V 7249 dövlət nömrə nişanlı DAF markalı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yerləri müəyyən olunub.

Gömrükçülər tərəfindən 27 V 7250 nömrə nişanlı qoşqunun şübhəli hissəsinə fiziki baxış həyata keçirilərkən 106 bükümdə qablaşdırılaraq xüsusi qaydada gizlədilmiş ümumi çəkisi 108 kiloqram narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Narkotik yüklü avtonəqliyyat vasitəsinin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedəcəyi müəyyən olunub. Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni İsfahan şəhərində aldığını, Naxçıvan üzərindən Türkiyəyə keçirməklə Qaziantep şəhərində adı istintaqa məlum olan şəxsə təhvil verəcəyini deyib.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.

Faktla bağlı araşdırma aparılır.