logo

Azərbaycanda pandemiyanın üçüncü dalğasının pik vəziyyəti yaşanır

15:35 16-04-2021 | icon 3745
Azərbaycanda pandemiyanın üçüncü dalğasının pik vəziyyəti yaşanır

Son dövrlər Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artıb. Yoluxma halları gündəlik 2 mindən çoxdur. Bir müddət bundan əvvəl isə çox həyəcanlı bir vəziyyət yaranmışdı. Hər gün yoluxma saylarının artması davam edirdi. Hətta bir dəfə rəqəmlər 2700-ə də çatmışdı. Belə vəziyyət hər kəsi narahat etməyə başlayırdı. Son bir neçə gündə isə yoluxma saylarının təqribən 2200-2500 arasında dəyişməsinin şahidi oluruq. Yəni yoluxma saylarında sanki bir stabilləşmə yaranıb. Bu, bizi bir qədər sakitləşdirir. Əslində epidemiyanın bir qanunauyğunluğu var. Yoluxma sayları əvvəlcə artım tempində davam edir və pik vəziyyətə çatır. Pik vəziyyətində müəyyən qədər qalır və sonra yoluxma sayları azalma istiqamətində gedir. Hazırda üçüncü dalğanın pik vəziyyətini yaşayırıq. Çünki yoluxma saylarında gündəlik artımlar demək olar ki, yoxdur. Sanki rəqəmlər bir qədər stabilləşib. Əgər bizim gözləntilərimiz özünü doğrultsa, bundan sonra gündəlik yoluxma sayları artmasa, bir müddətdən sonra yoluxma hallarının azalmasını da müşahidə edə bilərik. Yoluxma saylarının sabitləşməsinin səbəbləri Bakı və böyük şəhərlərdəki məktəblərdə dərslərin yenidən onlayn rejimə keçməsi, üç aydan çoxdur ki, vaksinasiya prosesinin keçirilməsi, yarım milyona qədər vətəndaşın peyvəndin ikinci dozasını da qəbul etməsi və nəticədə müəyyən qədər immunitetin yaranması, vətəndaşların bir qisminin yoluxub sağalması və onlarda da immunitetin formalaşmasıdır. Vətəndaşlar da anlayış göstərir və xəstəliyə inanmayanlar demək olar ki, yoxdur. Görülən tədbirlər yaxın zamanlarda yoluxma saylarının kəskin artımının qarşısını ala bilər. Bu, rahatlıq versə də, arxayınlaşmaq olmaz, qorunma tədbirlərinin davam etdirilməsi ilə yanaşı, vaksinasiyada aktiv iştirak da vacibdir. Vaksinasiya yüksək templə aparılır və peyvəndlərin gətirilməsi davam edir. Artıq 40 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsi aparılır ki, bu da bizi çox böyük fəsadlaşmalardan qoruyacaq.

YeniAvropa xəbər verir ki,  bunu TƏBİB-in İdarə Heyəti yanında Tibbi-elmi Komitənin sədri, professor Akif Qurbanov deyib.

Onun sözlərinə görə koronavirusdan ölüm halları artsa da, rəqəmlər çox yüksəlməyib: “Bu, yoluxma sayına ekvivalent olan bir prosesdir. Yoluxma faktları çox olanda ölüm halları da çox olur. Faizlə hesablasaq ölüm halı 1-2 faiz təşkil edir. Ümumilikdə dünyada ölüm halları 5 faizə qədərdir. Pandemiya başlayandan görülmüş tədbirlərin nəticəsidir ki, ölkəmizdə ölüm halı 2 faizdən çox olmayıb. Hazırda da həmin göstəricidir”.

Professor bildirib ki, vaksin COVID-19-dan xilas olmaq üçün yeganə vasitədir: “Azərbaycan vaksinasiyaya erkən başlayan ölkələr sırasındadır. Burada ölkə rəhbərliyinin, müvafiq qurumların çox böyük əməyi var. Ölkəmizdə vaksin olunanların sayı 1 milyona yaxınlaşır. Hər kəs bilməlidir ki, heç bir vaksin insanı 100 faiz qorumur. Vaksinasiyadan sonra insanların müəyyən bir qismində, yəni 5-10 faizində xəstələnmə halları ola bilər. Vaksinin əhəmiyyəti odur ki, peyvəndlənən vətəndaşlar yoluxsalar, xəstəliyi yüngül keçirəcəklər, ağırlaşmalar demək olar ki, olmayacaq. Əksəriyyətdə isə ümumiyyətlə yoluxma olmayacaq. Hazırda istifadə edilən vaksinin ikinci dozasının vurulmasından iki həftə keçdikdən sonra peyvənd tam qorumağa başlayır. Vaksinin birinci dozasından sonra arxayınlaşıb qorunma tədbirlərinə əməl etməmək düzgün deyil. Ona görə də pandemiya dövründə istər peyvənd olunsun, istərsə də yox, hər kəsin qorunması zəruridir. Çünki vaksinasiya olunanlarda xəstəlik yüngül və simptomsuz keçəcək ki, həmin şəxslər də infeksiya mənbəyinə çevriləcəklər. Onlar xəstəliyin yayılmasına şərait yaradacaqlar. Bu isə arzuolunmazdır.

Vaksin vurulanların bəzilərində anticisimlər, immunitet yaranmaya bilər. İlk növbədə bunun səbəbi araşdırılmalıdır. Məsələn immunçatışmazlığı deyilən hallarda immunitet zəif yarana və ya yaranmaya bilər. Bu halların araşdırılması lazımdır. Doğrudan da belə bir vəziyyət aşkarlanarsa, həmin şəxsin yenidən vaksinasiyadan keçirilib-keçirilməməsi sualının yerinə onlarda niyə immunitet yaranmaması sual doğuracaq”.