Beynəlxalq axtarışda olan sabiq deputat, axtarışda olan iş adamı və bəstəkar Hüseyn Abdullayevin xaricdə tutularaq Azərbaycana gətirildiyi rəsmən təsdiqlənib. YeniAvropa xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiqləyiblər. Bildirilib ki, "İnterpol" vasitəsilə beynəlxalq axtarışa verilmiş H.Abdullayev Türkiyədə saxlanılıb və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verilib.
Xatırladaq ki, bəstəkar, “Oğuz eli” İctimai Birliyinin sədri H.Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilmişdi. 2007-ci ilin martında Milli Məclisin iclaslarından birində, hökumətin illik hesabatı zamanı Hüseyn Abdullayevlə digər deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava yaranmışdı. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alındı, özü isə həbs olundu. Sonradan onu azadlığa buraxdılar.
2010-cu ildə Hüseyn Abdullayev 25 saylı Nizami II seçki dairəsindən növbəti dəfə deputat seçilmək istəsə də, onu namizəd kimi qeydə almadılar.
Sonra H.Abdullayev Azərbaycanı tərk edərək, Almaniyaya sığındı.
2013-cü ildə H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb.(Modern)