Son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlar yayılıb. Bununla əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb.
YeniAvropa-ya daxil olan məlumatda deyilir: “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə ərazisində peyvəndləmə prosesi dövlət hesabına könüllü şəkildə davam edir. Son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlar yayılıb. Yayılan məlumatların yerindəcə araşdırılması və yoxlanılması aidiyyəti qurumlar tərəfindən təmin edilib. Araşdırmanın nəticəsi olaraq, Bakı şəhəri üzrə 7 və 12 nömrəli şəhər poliklinikalarında, Şəki Rayon Mərkəzi Xəstəxanasında, Sumqayıt şəhəri üzrə 2, 3 və 5 nömrəli uşaq poliklinikalarında, 3 saylı Şəhər Xəstəxanasında, Gəncə şəhəri üzrə 2 nömrəli Şəhər Poliklinikasında çalışan ümumilikdə 12 nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib”.
Qeyd olunmalıdır ki, göstərilmiş halların qarşısını almaq məqsədilə araşdırmalar davam edir və hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək.