Aprelin 20-də prezident İlham Əliyev Bakı Metropoliteninin qatar parkının yenilənməsi məqsədilə paytaxta gətirilən yeni qatarlarda yaradılan şəraitlə tanış olub.
YeniAvropa xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlət başçısına metronun konseptual inkişaf sxemi və yeni metro qatarları barədə məlumat verib.Sonra prezident İlham Əliyev yeni metro vaqonlarına baxıb.
2018-ci ildə Rusiyanın “Transmaşholdinq” şirkətinin “Metrovaqonmaş” Açıq Səhmdar Cəmiyyətində istehsal olunan bu vaqonlar müasirliyi ilə seçilir. Yeni qatarın sürəti saatda 90 kilometrdir. Qatarın baş vaqonu 38 oturacaqlı olmaqla, ümumilikdə, 315 yerlik, orta vaqonu isə 44 oturacaqlı olmaqla, ümumilikdə, 328 yerlikdir. Yeni vaqonların mühərriklərinin gücü 170 kilovatdır.
Prezident İlham Əliyev yeni qatarla metronun “İçərişəhər” stansiyasından “Nəriman Nərimanov” stansiyasına gedib.
Xatırladaq ki, Bakı Metropoliteninin qatar parkının yenilənməsi məqsədilə paytaxta gətirilən yeni qatarlar bu gündən sərnişinlərin ixtiyarına verilib. Yüksək tələblərə cavab verən yeni qatarlar mütərəqqi texnologiya ilə təchiz olunmaqla müasir idarəetmə sisteminə malikdir. Belə qatarların alınması Bakı Metropoliteninin qatar parkının yenilənməsi istiqamətində atılan mühüm addım olmaqla yanaşı, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını yüksək səviyyədə təmin etmək baxımından da böyük rol oynayır.