logo

TANAP  Türkiyədə 431 layihəyə 70 milyon lirə xərcləyəcək

17:31 20-04-2018 | icon 2590
TANAP  Türkiyədə 431 layihəyə 70 milyon lirə xərcləyəcək

TANAP şirkəti Türkiyədə 431 layihəyə 70 milyon lirə maliyyə dəstəyi göstərəcək.

YeniAvropa xəbər verir  ki, bu haqda TANAP şirkəti məlumat yayıb. Xəbərdə qeyd olunur ki,  bununla bağlı Ankarada təşkil edilən mərasimdə TANAP-ın baş direktoru Saltuk Düzyol, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin müşaviri Fatih Dönmez və digər rəsmi şəxslər iştirak ediblər. TANAP-ın birinci qrant layihəsi çərçivəsində Türkiyənin 11 şəhəri üzrə qəbul edilən 431 layihəyə ümumilikdə 70 milyon türk lirəsi maliyyə dəstəyi təmin ediləcək.

Qeyd edək ki, TANAP layihəsinin iki fazası üzrə işlərin ümumilikdə 93,5 faizi icra edilib. TANAP-ın 56 düymlük 1350 kilometr uzunluğundakı hissəsinin inşası tamamlanıb, boru kəmərinə sınaq məqsədilə qaz vurularaq Əskişəhərə çatdırılıb. Boru xəttinin Əskişəhərin Seyitqazi bölgəsindəki CS5 kompressor və MS2 ölçmə stansiyalarının inşası tamamlanıb. Sistemə təbii qazın alınmasına başlanılıb. Bu hissədə boru kəməri marşrutu boyunca fiber-optik kabel də çəkilib. Bu il iyulun əvvəlindən etibarən TANAP-la Türkiyəyə kommersiya məqsədilə ilk qaz veriləcək. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək. Daha sonrakı 3 il ərzində bu həcm 6 milyard kubmetrə çatdırılacaq.

Bundan başqa, TANAP-ın Dardanel boğazından keçən 36 düymlük 18 kilometr uzunluğundakı qoşa boru kəmərinin tikintisi və fiber optik kabelin dəniz altına döşənməsi işləri də artıq yekunlaşıb. Boru kəmərinin üzəri örtülərək mühafizə olunub. Xəttin quruya çıxdığı hər iki sahildə isə bərpa işləri görülüb.

Xatırladaq ki, TANAP-ın təməli 2015-ci il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə Türkiyənin Qars vilayətinin Selim rayonunda qoyulub.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihədir. Uzunluğu 1850 kilometr olan TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək.

Layihənin dəyəri hazırda 7,99 milyard ABŞ dollarıdır. Lakin layihənin ilkin qiymətləndirilməsində bu rəqəm 11,7 milyard dollar idi. Bu da o deməkdir ki, layihənin icrası çərçivəsində indiyədək təxminən 3,8 milyard dollara qənaət edilib. TANAP üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.

Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının layihədəki payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 51 faiz, “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) - 7 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.